Quru əllərə necə qulluq göstərmək lazımdır?
Əllərin dərisinin quruluğu problemi müxtəlif səbəblərdən yarana bilər. Bu, insanın həyat tərzinin nəticəsi və ya xəstəliyin əlaməti ola bilər. Həmçinin əllərin quru dərisi xarici mühitin aqressiv təsiri ilə əlaqələndirilə bilər, buna görə dövrilik və hətta mövsümi vaxtlarda düzgün qulluq olunması lazımdır. Çox quru dəri sadəcə estetik problem deyil, həmçinin kəskin narahatlığa səbəb olur: daima
dəri örtüklərinin dartılması hissi yaşanır, dərinin qatlandığı yerlərdə isə ağrı verən çatlar əmələ gələ bilər. Xoşagəlməz simptomların aradan qaldırılması yalnız düzgün vasitələrin istifadəsi ilə daimi və kompleks qayğı ilə mümkündür.
Baş vermə səbəbləri və mexanizmi
Əl dərisinin qurumasına səbəb əsas amillər xarici mühitin aqressiv təsirləridir. Yüksək və ya aşağı temperatur, güclü külək, yandırıcı günəş – bütün bu amillər hidrolipid mantiyasının bütövlüyünün pozulmasına səbəb olur. Nəticədə, əllərin dərisi susuzlaşdırılmış və daha az elastik olur, zamanla qabıq vermə, güclü dartılma və hətta iltihab ola bilər.
Digər vacib amil isə təmizləyici, yuyucu və dezinfeksiyaedici vasitələrin daimi təsiridir. Bura həm məişət vasitələri, həm də iş zamanı insanın təmasda olduğu maddələr daxildir. Çox vaxt sənaye işçilərinin, tibb işçilərinin və ya təmizlik xidmətinin nümayəndələrində əllərin dərisi quruyur və çatlayır. İnkişaf mexanizmi kimyəvi maddələrin dəri örtüyünün daimi zədələnməsi ilə birbaşa əlaqələndirilir. Onların tərkibində olan SAM (səthi aktiv maddələr) təbii dəri baryerini məhv edir, bu da suyun dərinin səthindən və dərin qatlarından buxarlanmasına imkan verir.
Bəzi xəstəliklər də quru və kobud dəri görünüşünə səbəb ola bilər. Bu birbaşa dəri dermatozları (psoriaz, atopik dermatit, allergik dermatozlar, dəri göbələyi) və ya həzm, endokrin və sinir sistemlərinin xəstəlikləri ola bilər. Onlar piy vəzilərinin işinin pozulmasına səbəb olur və qida maddələrinin sorulmasına mane olurlar.
Çox vaxt əllərin artan quruluğu və ya qabıq verməsi düzgün olmayan qidalanma, sərt pəhrizlər, un və şirniyyatlardan sui-istifadə, spirt, qəhvə fonunda hipovitaminozla əlaqələndirilir. Vitaminlərin çatışmazlığı bədəndə və dəridə mübadilə proseslərin pozulmasına gətirib çıxarır.
Quru əllərə necə qulluq etməli olduğunuzu və əllərinizin dərisi qabıq verəndə və kobudlaşanda nə edəcəyinizi anlamaq üçün epidermisdə baş verən patoloji prosesləri anlamalısınız. Hiperkeratozun inkişaf mexanizmi bir sıra amillərlə əlaqələndirilir:
- Dərinin təbii qoruyucu və baryer xüsusiyyətlərinin pozulması.
- Xarici amillərin daimi təsiri.
- Dərinin normal xüsusiyyətlərinin – turqor, dartılma və möhkəmliyinin dəyişməsi.
- Epidermisin yenilənməsi və buynuzlaşmış hüceyrələrin təmizlənməsi prosesinin pozulması.
- Dəri örtüklərinin trofikasında dəyişikliklər.
Bütün bu proseslər müxtəlif mərhələlərdə problemlərin baş vermə ehtimalına və dərəcəsinə təsir edir, buna görə əllərin quru dərisinə kompleks surətdə qulluq etmək lazımdır.
Düzgün qulluq və müalicə
Əllərin quru dərisinə qulluq daimi olmalıdır. Hər şeydən əvvəl, travma amillərinin təsirini istisna etmək və ya minimuma endirmək lazımdır. Kimyəvi maddələrlə təmasdan əvvəl əlcək taxmaq və sonra əlləri ilıq su ilə möhkəm yumaq lazımdır. Əllərin tez-tez yuyulması dərinin həddindən artıq qurumasına səbəb olur, buna görə su ilə hər təmasdan sonra nəmləndirici kremdən istifadə etmək tövsiyə olunur.
Soyuq hava şəraitində küçəyə çıxmazdan əvvəl əl üçün qoruyucu krem vurmaq və əlcək geyinmək lazımdır.
Həftədə bir dəfədən az olmayaraq əllərin dərisinə qulluq üzrə kompleks prosedurlar keçirmək tövsiyə edilir. Bunlara efir yağları əlavə edilmiş isti vannalar, skrab və ya pilinq üçün başqa vasitələrin istifadəsi, əllər üçün tərkibində nəmləndirici və qidalandırıcı komponentlər olan təbii yağ qarışıqları və ya maskalar daxildir. Skrablar yüngül masaj hərəkətləri ilə tətbiq olunur və 2-3 dəqiqə sonra ilıq su ilə yuyulur, maskalar dəridə tam hopmaya qədər saxlanılır və ya təlimatlara uyğun olaraq yuyulur. Tam effektə nail olmaq üçün onları yuxudan əvvəl vurmaq tövsiyə edilir.
Əllərin quru dərisini nəmləndirmək üçün əla üsul nəmləndirmə və bərpaetmə effektinə malik vitaminlər, bitki yağları, seramidlər, xolesterollar, yağ turşularından ibarət kremlərdən istifadə etməkdir.
Dəriyə qulluq profilaktik istiqamətli olmalıdır – xarici mühitin aqressiv təsirlərinin qarşısını almaq nəticələri müalicə etməkdən daha asandır. Əl üçün bərpaedici Bepanten Derma balzamı qarşıya qoyulmuş vəzifənin öhdəsindən gəlməyə kömək edəcək. Onun tərkibindəki aktiv komponentlər əllərin zərif dərisini zədələrdən qoruyur, yumşaldıcı və qidalandırıcı təsiri sayəsində onun gücləndirilmiş bərpasına imkan yaradır. Bepanten Derma əl dərisinin qurumasının qarşısını almaq və ya aradan qaldırmaq və dərinin ümumi vəziyyətini yaxşılaşdırmaq üçün istifadə olunur.
Bundan əlavə, quru əllərin inkişafının qarşısının alınması üçün pəhriz və su rejiminə diqqət yetirilməlidir. Bədən kifayət qədər maye qəbul etmədiyi zaman epidermis və dermdə fizioloji proseslər pozulur, toxumaların turqoru və elastikliyi azalır. Qidalanma müxtəlif olmalıdır, qidanın tərkibinə orqanizmə lazım olan bütün maddələr – zülallar, piylər, karbohidratlar, vitaminlər və digər nutriyentlər daxil olmalıdır. Bu sadə qaydalara əməl etmədən müsbət nəticələr əldə etmək çox çətin olacaq.